“Şəhidlər ölməz, Vətən bölünməz. Şəhidlər ölməz, Vətən bölünməz....”
Bu uşaqlar Sumqayıtda yerləşən “Qaçqın şəhərciyi” nin sakinləri idilər. Amma daha qaçqın deyillər. İndi bütün ölkənin sevincini bu uşaqların gözlərində görmək mümkündür. İndi bu şəhərcikdə yaşayan insanlar həyatlarının bəlkə də ən xoşbəxt günlərini yaşayırlar. Lent.az-ın qonaq olduğu Şuşa şəhər sakini Nuranə Həsənova deyir ki, xəbəri eşidəndən bayram edirik:
“Xəbəri eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Yenidən torpaqlarımıza qovuşacağımızı biləndə keçirdiyimiz o hisləri təsvir edə bilmirəm”.
Həmin illərdə Nuranə xanımın 22 yaşı olub. Artıq 50 yaşını haqlamış həmsöhbətimiz o dəhşətli günləri belə xatırlayır:
“Bütün evlər gözlərimizin önündə yanırdı. Çoxlu şəhidlərimiz oldu. Kim necə bacardısa, elə də çıxdı şəhərdən. Atam Şuşadan Laçına qədər piyada gəlmişdi. Biz onda Yevlaxda yerləşmişdik və onu öldü bilirdik. Amma gəlib çıxdı”.
2 övlad anası Nuranə xanım həyat yoldaşını cavan yaşda itirib. Çox əziyyətlər çəkdiyini deyən, həmsöhbətimiz ən gözəl, qayğısız günlərini Şuşada keçirdiyini bildirdi. “Şuşanı vəsf etmək üçün sözlər aciz qalır” deyən Nuranə xanım, həmin illərdə tələbə olduğunu da qeyd etdi:
“O yerlərin tayı-bərabəri yoxdur. İndi hamı deyər ki, öz şəhərinizdir deyə tərifləyirsiniz. Amma elə deyil. Biz ora qayıdaq siz də qonaq gələrsiniz və o gözəllikləri öz gözlərinizlə görərsiniz”.
Nuranə xanımın oğlu, 18 yaşlı Fariz Heydərov deyir ki, Şuşanı ancaq valideynlərinin danışdığı söhbətlərdən eşidib, televiziyada gördüyü kiçik videolardan görüb. Amma bu onun doğma torpağına olan sevgisini azaltmayıb. Şuşaya qayıtmaq, orada yaşamaq Farizin arzusudur:
“Mən Şuşanı görməmişəm. Amma eşitdiklərim onun gözəlliyini təsəvvür etməyimə bəs edib. Orada yaşamaq və gələcəyimizi qurub- yaratmaq ən böyük arzumdur”.
Söhbətimizi Nuranə xanımın qonşusu, Qubadlı sakini Sevda Şahmərdanova ilə davam etdiririk. Qonşusunu təbrik etmək üçün qonaq gələn Sevda xanım da sevincini bizimlə bölüşdü:
“Xəbəri eşidib çox sevindim. Eyni zamanda da ağladım. Bu sevinc göz yaşları idi. Allah prezidentimizin ömrünü uzun etsin. O qədər uzun ömür yaşasın ki, övladlarımıza da arxa-dayaq olsun”.
İnanmaq Qələbənin yarısıdır. İnandıq və qələbə qazandıq. Bu qələbə sevincini bizə yaşatdığı üçün Müzəffər Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun! Sizin borcunuzu heç vaxt ödəyə bilmərik. Siz daima bizim qəlbimizdə və tariximizdə yaşayacaqsınız. Qələbə sevincimiz daimi olsun.